İsrailin
Təl-Əviv şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyinə
yekun vurulub. 40 ölkədən 321 cüdoçunun (190 oğlan, 131 qız) mübarizə apardığı
mötəbər yarışa Azərbaycan millisi 9 idmançı ilə qatılıb və qitə birinciliyinin
2 medalını (1 qızıl, 1 bürünc) qazanıb.Qızıl
medalı ölkəmizə “Neftçi İdman Klubu”nun yetirməsi, 73 kq çəki dərəcəsində çıxış
edən Hidayət Heydərov qazandırıb. Cüdoçumuz onaltıdabir finalda kiprli Çarilaos
Hadjiadamounu ipponla məğlub edib. Növbəti mərhələlərdə Belçika idmançısı Loic
Demierbe, kosovalı Akil Qjakova və rusiyalı Sayan Öndər üzərində inamlı qələbə
qazanan Heydərov finala yüksəlib. Həlledici görüşdə yerli idmançı Tohar
Butullanı da ippon fəndi ilə məğlubiyyətə uğradan gənc cüdoçumuz Avropa
çempionu adına sahib olub.