“Neftçi İdman Klubu” İctimai Birliyi
idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti
Sadıq Sadıqov klub və federasiyanın illik fəaliyyəti haqqında rəsmi saytımıza
danışıb:”Geriyə boylansaq, 2016-cı ilin “Neftçi
İdman Klubu” üçün uğurlu olduğunu söyləyə bilərik. Bu müddət ərzində SOCAR-ın
strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan
işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi
və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. İl
ərzində neftçilər arasında voleybol, mini-futbol, şahmat, müxtəlif idman-turizm
yarışları, eləcə də XXIV Spartakiada keçirilmişdir ki, bu turnirlərdə də 1900-dən
artıq neftçi iştirak etmişdir.Klubun
digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı
sahəsində də çoxsaylı uğurlar əldə edilmişdir. İdmançılarımız Olimpiya
oyunlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycanı
layiqincə təmsil etmiş və ölkəmizə medallarla dönmüşlər. Braziliyanın Rio de
Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında klubun yetirmələri
böyük əzmkarlıq nümayiş etdirərək 5 medala sahib olmuşlar (3 gümüş, 2 bürünc).Ümumilikdə
isə il ərzində idmançılarımız 1150 medal qazanmışlar ki, onlardan da 422-si
qızıl, 329-u gümüş, 399-u isə bürüncdür. Əldə etdiyi yüksək nailiyyətlər sayəsində
klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman təşkilatı”
adına layiq görülmüşdür. Bütün bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə
lider idman təşkilatı olmasını söyləməyə əsas verir.Azərbaycan
Cüdo Federasiyasının il ərzindəki nailiyyətləri də göz qabağındadır. Rövnəq
Abdullayev Azərbaycan Cüdo Federasiyasına rəhbər seçildikdən sonra bu idman
növündə yeni inkişaf mərhələsi başlamışdır. Gərgin əmək sayəsində görülən işlərin
nəticəsi olaraq, cüdoçularımız Olimpiya oyunlarında, Avropa çempionatında və
beynəlxalq turnirlərdə uğurla çıxış etmiş və ölkəmizə medallarla dönmüşlər.Atılmış mühüm addımlardan sonra yola saldığımız ilin nəticələrini təhlil
etdikdə, rəsmi beynəlxalq yarışlarda rekord sayda medalların və tarixi nailiyyətlərin
qazanıldığını görürük. Belə ki, bu müddət ərzində böyüklər, gənclər və yeniyetmələrdən
ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışda 140 medal
qazanıblar. Bunlardan 52-si qızıl, 29-u gümüş və 59-u bürünc medaldır.Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli
komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə
təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq
yarışlarda iştirakını təmin edir və onlara öz diqqət və qayğısını əsirgəmir.Əlbəttə, bu yarışlardan ən mötəbəri Braziliyanın Rio de Janeyro şəhərində
keçirilən 31-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan cüdoçuları Rio
Olimpiadasında parlaq qələbələr qazanaraq, bizə iki final həyəcanı yaşadıblar.
73kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov və 100kq çəkidə yarışan
Elmar Qasımov Olimpiya Oyunlarının gümüş medalına sahib olublar. Bu tarixi zəfərlərə
imza atan hər iki cüdoçumuz və 2016-cı il Avropa çempionatının gümüş
mükafatçısı Orxan Səfərov hal-hazırda öz çəkilərində bütün rəqiblərini
qabaqlayaraq Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq
edir. Bu, cüdo tariximizdə bir ilkdir. 2016-cı ildə həm də Avropa çempionu olan
Rüstəm Orucov 3010 reytinq xalı toplayaraq dünyanın bütün cüdoçularından öndədir.Rioda keçirilən 15-ci Paralimpiya Oyunları da Azərbaycan cüdoçuları
üçün uğurlu olub. Paracüdoçumuz Ramil Qasımov (73kq) bütün rəqiblərinə qalib gələrək
qızıl, Bayram Mustafayev (66kq) yalnız həlledici final görüşündə məğlub olaraq
gümüş, Rövşən Səfərov isə Paralimpiadanın bürünc medalını qazanıb.Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas
milli komandamızla yanaşı gənc və yeniyetmə cüdoçularımızın da inkişaf
perspektivlərinə böyük önəm verir. Gənc və yeniyetmə cüdoçularımız da ötən bu
müddət ərzində Avropa birinciliyi kimi mötəbər yarışda böyük uğur qazanıblar. Gənclərdən
ibarət milli komandamız İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa
birinciliyinin fərdi yarışlarında 2 qızıl medal qazanmaqla yanaşı, Azərbaycan
cüdo tarixində ilk dəfə olaraq komanda yarışlarında finala yüksələrək gümüş
medala layiq görülüb. Yeniyetmə cüdoçularımız isə Finlandiyanın Vantaa şəhərində
baş tutmuş Avropa birinciliyini 2 qızıl və 1 bürünc medalla başa vurublar.İsraildə keçirilən U-23 Avropa çempionatında isə cüdoçularımız 1 qızıl və 1
bürünc medala sahib olublar.Bununla yanaşı qabaqcıl məşqçilərimiz, hakimlərimiz
və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə
mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar.
Sevindirici haldır ki, 2016-cı ildə iki ədalət təmsilçimiz – Mətin Rəhimli və
Arzu Acalova İtaliyada təşkil olunan imtahandan uğurla keçərək beynəlxalq dərəcəli
hakim adına layiq görülüblər.Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda
qalmayıb. 2016-cı ildə Xorvatiyada keçirilən Avropa çempionatına və ABŞ-ın
Mayami şəhərində təşkil edilən dünya çempionatına veteran cüdoçularımız ezam
olunub və onlar vətənə 7 qızıl, 3 gümüş və 5 bürünc medalla qayıdıblar.Ötən bu müddət ərzində respublika, regional və şəhər
miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi,
iştirakçıların rekord sayı ilə yaddaqalan olub.2016-cı ilin may ayında Bakıda keçirilən ümummilli
liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə”
turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxal Cüdo
Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da
öz əksini tapıb.Bir xüsusi faktı da qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyasının
Braziliyanın Rio de Janeyro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya
çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib. Belə bir
mötəbər yarışın ölkəmizə həvalə olunması Azərbaycan Cüdo Federasiyasının yüksək
təşkilatçılığının və idmançılarımızın son vaxtlar əldə etdikləri zəfərlərin
göstəricisidir”.Qarşıdan gələn
2017-ci il cüdo yarışlarının mötəbərliyi ilə zəngindir. Paytaxt Bakıda yanvar
ayında beynəlxalq hakimlər və məşqçilər seminarı, mart ayında “Böyük Dəbilqə”
turniri, may ayında 4-cü İslam Həmrəyliyi Oyunları, apreldə Polşanın Varşava şəhərində
Avropa çempionatı, avqust ayında Macarıstanın Budapeşt şəhərində dünya
çempionatı, gənclər və yeniyetmələr arasında Avropa və dünya birincilikləri,
Avropa Yeniyetmələrinin Olimpiya Festivalı keçiriləcək.İnanırıq ki, 2017-ci ildə də cüdoçularımız bu yarışlarda qazandıqları parlaq qələbələrlə
xalqımzı sevindirəcəklər.Sizlərin
hər birini 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm!”