Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə Dünya
çempionatı davam edir. Sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində
mübarizə aparan “Neftçi İdman Klubu”nun üzvü, ötənilki Dünya və Avropa
çempionumuz Hacı Əliyev bu dəfə də finala qədər maneəsiz irəliləyib. Moldovadan
Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir
Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi
Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn
güləşçimiz ikinci dəfə Dünya çempionatının qızıl medalına yiyələnib və
Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat Dünya çempionu adını qazanıb.