Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu əlamətdar tarix 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan Milli Azadlıq Hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində ölkəmizdə antisovet xalq hərəkatı təşəkkül tapdı.
1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli və fasiləsiz mitinqləri başladı. 17 gün aramsız davam edən və milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ məkanında ən irimiqyaslı etiraz hərəkatı idi. Xalq meydana toplaşaraq Moskvanın ədalətsiz siyasətinə qəti etirazını bildirdi. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya azad olmağa layiq xalq olduğunu sübut etdi.
Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, imperiya rəhbərliyi xalqımızın azadlıq iradəsini qıra bilmədi. Ölkəmizdə bu hadisələr milli-azadlıq mübarizəsinin mühüm mərhələsi kimi qiymətləndirilir və respublikamızın dövlət müstəqilliyini bərpa etməsində əsas amil sayılır.Qeyd edək ki, Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də rəsmi olaraq elan olunub.
