Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. Yarışda
dünyanın 65 ölkəsindən 441 idmançı bacarığını nümayiş etdirib.Azərbaycan millisi mötəbər
turnirin iki medalına sahib olub ki, onların da hər ikisini ölkəmizə “Neftçi
İdman Klubu”nun yetirmələri
qazandırıblar. Cüdoçularımızdan 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov finala qədər inamla irəliləyib.
İdmançımız bu yolda avstraliyalı Ceyk Bensted, tacikistanlı Bəhruz Xocazodan,
ermənistanlı Ferdinand Karapetyan və almaniyalı İqor Vandtken üzərində parlaq qələbələr
qazanıb. Həlledici görüşdə Yaponiya təmsilçisi
Şohei Ono ilə mübarizədən məğlub ayrılan Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin gümüş medalına
layiq görülüb.Qadınların yarışında isə İrina
Kindzerska (+78 kq) bürünc medala yiyələnib. Klubumuzun xanım cüdoçusu 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina idmançısı Larisa Ceriçi
məğlubiyyətə uğradıb.Xatırladaq ki, iki həftə öncə
Fransanın paytaxtı Parisdə keçirilmiş eyniadlı turnirdə də İrina Kindzerska
bürünc medal əldə etmişdi.