Bu gün – 2 fevral Azərbaycanda Gənclər Günü qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu günün Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Heydər Əliyevin gəncliyə və gənclərə olan etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşamaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait dövlət başçısının bu sahəyə göstərdiyi böyük qayğının açıq təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Həmin vaxtlar on minlərlə gənc döyüş bölgəsinə yollanmaq üçün könüllü olaraq hərbi komissarlıqların önünə yığışdılar. Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Dövlətimiz tərəfindən bu sahədə düzgün və məqsədyönlü siyasətin aparılması gənclərin öz bilik və bacarıqlarını həyata keçirmək üçün geniş imkanlar yaradıb.
”Neftçi” İdman Klubu adından bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar diləyirik.