Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa
çempionatı davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində yer almış sərbəst
güləşçiləri qitə çempionatında əzmlə mübarizə apararaq böyük uğura imza
atıblar. Belə ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya,
ikiqat Avropa çempionu Hacı Əliyev ilk görüşdə Belarus, daha sonra Ermənistan, Rusiya
və Moldova güləşçilərinə qalib gələrək ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə
Avropa çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təcrübəsindən,
taktika və texnikasından maksimum yararlanan idmançımız Türkiyə təmsilçisi
Selahəttin Kılıçsallayanı 7:0 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə
Avropa çempionu adına sahib çıxıb. Beləliklə, Hacı Əliyev həm
üçqat dünya, həm də üçqat Avropa çempionu olub.Mahir Əmiraslanov (57 kq) isə
startda Moldova təmsilçisini məğlub etsə də, dörddəbir finalda Türkiyə güləşçisi
ilə mübarizədə özü bu acını yaşayıb. Ancaq rəqib finala yüksəldiyindən
idmançımız təsəlliverici görüşə çıxıb və Fransa güləşçisinə qalib gələrək
bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bu görüşdə bolqarıstanlı rəqibini
məğlubiyyətə uğradan Mahir Əmiraslanov böyüklər arasında ilk dəfə Avropa
çempionatının bürünc medalına sahib olub.