Samur-Yalama Milli Parkının Xaçmaz rayonunda yerləşən
meşə zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə açıq respublika
çempionatına yekun vurulub. İki gün davam edən yarışda nazirlik, idarə, təşkilat
və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil
müəssisələrini təmsil edən 250 idmançı mübarizə aparıb. Bununla yanaşı, yarışa
Finlandiyadan da 60 idmançı qatılıb. Elektron qeydiyyat sisteminin tətbiqi ilə
keçirilən yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən
çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.Çempionatda həm komanda hesabında, həm də fərdi
mübarizədə qaliblər müəyyənləşib.Uzun və orta məsafə üzrə keçirilən turnirdə
idmançılar 14 yaş kateqoriyası üzrə yarışıblar. “Neftçi İdman Klubu” komanda
hesabında ikinci yeri tutub. “Dağçılıq” İdman Klubunun üzvləri açıq respublika
çempionatının kubokunu qazanıb. Müdafiə Nazirliyinin komandası isə üçüncü yerə
çıxıb.Klubumuzun yetirmələri müxtəlif kateqoriyalar üzrə fərdi
yarışlarda da uğurla çıxış ediblər. “Elit” kateqoriyasında Sevda Verdiyeva
qadınlar arasında qalib adını qazanıb. Anna Kamayeva isə 3-cü yeri tutub. Kişilərin
mübarizəsində Maksim Baxoldin eyni uğura imza atıb. Digər kateqoriyalar üzrə
keçirilən yarışda Ramin Əliyev kişilər, Nigar Hüseynova isə qadınlar arasında
açıq ölkə çempionatının qalibi olub.