Birinci Divizionda XVII turun oyunları keçirilir. “Qaradağ Lökbatan” komandası bu
turda “Zaqatala”nı qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman
Bazasının stadionunda təşkil olunan qarşılaşmada birinci hissədə qapılara qol
vurulmayıb. Fasilədən sonra hər iki komanda daha aktiv oyun nümayiş etdirməyə
başlayıb. Matçın ikinci hissəsində cəmi 10 dəqiqə ərzində 4 qol qeydə alınıb. 66
və 70 –ci dəqiqələrdə rəqib iki qol vuraraq önə keçsə də, onların sevinci çox çəkməyib.
Belə ki, 74 və 79-cu dəqiqələrdə komandamız Elnur Səmədovun dublu sayəsində
hesaba tarazlıq gətirib. Bu da son olmayıb. Oyunun əsas vaxtına əlavə edilmiş
artırma dəqiqələrində (90+5) Nazim Əliyevin yetirmələri rəqibi daha bir dəfə cəzalandırıb. Futbolçumuz Orxan Əliyev qələbə qoluna imza
atıb.Beləliklə, “Qaradağ Lökbatan” “Zaqatala” komandası üzərində 3:2 hesabı ilə inamlı qələbə qazanıb və
növbəti dəfə 3 xala sahib olub.