Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında “Neftçi İdman Klubu”nun daha iki yunan-Roma güləşçisi mükafata layiq görülüb.Təmsilçilərimizdən Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib – 8:0. O, dörddəbir finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb – 6:1. Güləşçimiz yarımfinalda türkiyəli Kerem Kamala məğlub olub. Murad Məmmədov üçüncü yer uğrunda qarşılaşmada rumıniyalı Razvan Arnauta qalib gəlib (5:2) və bürünc medal qazanıb.Klubumuzun didər yetirməsi Ülvi Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb – 5:1. İdmançımız  dörddəbir finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qələbə qazanıb – 13:5. O,  yarımfinalda gürcü Şmaqi Bolkvadzeyə uduzub – 1:4. Ülvi Qənizadə bürünc medal uğrunda görüşdə litvalı Kristupas Sleyvanı 14:7 hesabı ilə məğlub edib və nüfuzlu yarışı üçüncü pillədə başa vurub.Qeyd edək ki, qitə çempionatının əvvəlki günlərində yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərimizdən isə  Hacı Əliyev (65 kq) gümüş, Turan Bayramov (74 kq)  bürünc medala sahib olub.