“Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan iddiaçılar turnirində bu gün növbəti görüşünü keçirəcək. O, X turda FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. Otuz beş yaşlı qrossmeyster turnir cədvəlinin liderinə qarşı qara fiqurlarla oynayacaq.Teymur Rəcəbov hazırda 4 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.