Bu gün “Neftçi İdman Klubu”nun inzibati binasının akt zalında qurumun məşqçiləri və idmançıları üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları tərəfindən maarifləndirici seminar keçirilib.İlk öncə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və AMADA-nın əməkdaşlarına ölkəmizdə təmiz idman dəyərlərini təbliğ etdiklərinə görə öz minnətdarlığını bildirib. O, təşkil olunan belə seminarların idmançıların maariflənməsində və onların səmərəli fəaliyyətlərində böyük rol oynayacağına ümidvar olduğunu söyləyib.Seminarı AMADA-nın Təhsil şöbəsinin müdiri Lalə Hacıyeva aparıb. Tədbirdə idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar iştirakçıları onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib.Tədbir iştirakçıları seminardan öncəki və sonrakı testlər vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.Sonda Lalə Hacıyeva ölkəmizdə təmiz idman dəyərlərinin təbliği və antidopinq sahəsində AMADA ilə birgə əməkdaşlığa görə “Neftçi İdman Klubu”nun rəhbərliyinə özünün və təmsil etdiyi qurumun adından minnətdarlığını bildirib.Qeyd edək ki, Azərbaycan Milli Antidopinq Agentliyi ölkədə antidopinq siyasətinin, o cümlədən antidopinq maarifləndirilmənin aparılması ilə məşğul olur. Öz funksiyalarının həyata keçirilməsi məqsədilə AMADA yerli qanunvericilik, Ümumdünya  Antidopinq Məcəlləsi və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir.