Ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə keçirilən “Yaponiya səfirinin kuboku” Gəncə şəhər açıq birinciliyi sona yetib. Kiçikyaşlı yeniyetmələr (U-15) arasında təşkil olunan və Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək məqsədi daşıyan yarış Göygöl Olimpiya İdman Kompleksində gerçəkləşib. Turnirdə Gəncə şəhərindən və ölkəmizin müxtəlif regionlarından 25 komandanın tərkibində 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri inamla çıxış edərək yarışın 2 qızıl, 1 gümüş və 2 bürünc medalına sahib olublar. Yeniyetmə cüdoçularımızdan Sunay Salamova (28 kq) və Nərmin Yusifova (57 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər təmsilçilərimizdən Nərmin Babayeva (63 kq) gümüş, Nigar Məmişova (40 kq) və Məleykə Mürsəliyeva (48 kq) isə bürünc medala layiq görülüblər.