“Neftçi İdman Klubu”nda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.İlk öncə qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük savaşda qazandığı şanlı qələbədən və onun tarixi əhəmiyyətindən, eləcə də Ordumuzun ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməsindən geniş söhbət açıb. O, qalib Azərbaycan xalqının qələbədəki rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqda ətraflı danışıb və  şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağını xüsusi vurğulayıb.Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin hörmət, ehtiram və qürurla yad edilib.Qeyd edək ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Saat 12:00-da avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, gəmilərdən, qatarlardan siqnallar səsləndirilib.Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd olunur.