İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan yunan-Roma güləşçisi Nihat Məmmədli (60 kq) mundialda uğurla çıxış edib. İdmançımız təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib – 5:0. O, səkkizdəbir finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb – 9:0. Təmsilçimiz dörddəbir finalda ukraynalı Vladislav Kuzkoya (4:1), yarımfinalda isə qırğızıstanlı Nurmuxammet Abdullayevə (3:1) qalib gələrək finala yüksəlib. Nihat Məmmədli həlledici görüşdə türkiyəli Kerem Kamalla qarşılaşıb. Rəqibinə 0:8 hesabı ilə məğlub olan güləşçimiz nüfuzlu yarışın gümüş medalına layiq görülüb.Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (55 kq) də gümüş medala sahib olub.