Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.Heydər Əliyev adına İdman Sarayında  keçirilən yarışın ilk günündə “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Balabəy Ağayev (60 kq) böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışın qızıl medalına sahib olub. Mübarizəyə səkkizdəbir finaldan başlayan idmançımız qazaxıstanlı Şerzod Davlatov, monqolustanlı  Tsoqt-Oçir Byambacav və komanda yoldaşı Kəramət Hüseynova qalib gələrək finala vəsiqəni təmin edib. Cüdoçumuz həlledici görüşdə ukraynalı Dilşot Kalmatovla üz-üzə gəlib. Balabəy Ağayev rəqibini qızıl xal bölümündə  məğlub edib və turnirin qalibi olub.Klubumuzun digər yetirməsi Orxan Səfərov (66 kq) isə  turnirin bürünc medalına layiq görülüb. O, üçüncü  yer uğrunda qarşılaşmada serbiyalı Straxinya Bunçiçə qalib gəlib.Qeyd edək ki, üç gün davam edəcək “Böyük dəbilqə” turnirində 64 ölkədən 406 idmançı medallar uğrunda mübarizə aparır.