Respublikamızın müstəqillik
qazanmasından ötən qısa müddət ərzində
özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq
edə bilmişik. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan dövlətimizin göstərdiyi
qayğı sayəsində Azərbaycan idmanı da yüksək inkişaf səviyyəsinə çatıb. Son illər
ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən
nəhəng işlər bizləri sevindirməyə bilməz. Bu gün paytaxtla yanaşı, respublikanın
müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman
kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançıların hazırlanması
üçün münbit şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü
dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən
birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin diqqət və qayğısı
sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan
ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Ölkəmizin beynəlxalq
aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların
respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər
bunun açıq təzahürüdür.”Neftçi İdman Klubu” bu sahədə
dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də
öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi olaraq neft, qaz və kimya sənayesinin
işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər,
peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan
idmanına öz töhfələrini verir.Geriyə boylansaq, 2022-ci ildə
klubumuzun çoxsaylı uğurlar qazandığının şahidi olarıq. İl ərzində klubun
strukturunda fəaliyyət göstərən qurğularda idmanın 26 növü üzrə 102 peşəkar məşqçi-müəllimin
rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla
məşğul olub.Yola saldığımız ildə “Neftçi
İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil
olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların
ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin
göstərilməsi istiqamətində mühüm işlər görülüb. Bu müddət ərzində həmin işçilər
arasında klubumuz tərəfindən voleybol
(20 Yanvar şəhidlərinin xatirəsinə və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr
olunmuş turnirlər), minifutbol (28 May – Müstəqillik Gününə və Neftçilər gününə
həsr olunmuş turnirlər), «Atam, anam və mən» (1 İyun – Uşaqların Beynəlxalq
Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) və piyada turizm üzrə kütləvi
bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da mindən
artıq insan iştirak edib. Respublikamızda idmanın kütləviləşməsi, sağlam gəncliyin
formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi
daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə 20 sentyabr
– Neftçilər gününə həsr olunmuş SOCAR-2022 minifutbol turniri olub. SOCAR-ın dəstəyi,
“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi
işçiləri arasında keçirilən və avqustun 13-dən sentyabrın 24-dək davam edən SOCAR-2022
mini-futbol turnirində 32 komandanın tərkibində 400-ə yaxın neftçi iştirak
edib.Qeyd edək ki, ölkədə mövcud olan
koronavirus pandemiyası səbəbindən bu yarışların ən kütləvisi olan spartakiada
təxirə salınıb.Böyük idman və peşəkar
idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlara nail olunub.Yola saldığımız ildəMilli Olimpiya Komitəsinin 30 illik
yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində cüdo, yunan-Roma güləşi,
akrobatika, sərbəst güləş, minifutbol və şahmat idman növləri üzrə “Neftçi
İdman Klubu”nun açıq birincilikləri təşkil olunub ki, bu yarışlarda da yüzlərlə
idmançı medallar uğrunda mübarizə aparıb.Respublikamız müstəqillik əldə
etdikdən indiyə qədər idmançılarımız bütün olimpiadalarda iştirak edərək ölkəmizə
medallarla dönüblər. Klubun yetirmələri bu il də yeniyetmə və gənclər, eləcə də
böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin V İslam Həmrəyliyi
Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edərək
yüksək nəticələr əldə ediblər. Yola salmaqda olduğumuz il ərzində
idmançılarımız böyük əzmkarlıq nümayiş etdirərək 933 medala sahib olublar ki,
onlardan da 335-i qızıl, 262-si gümüş, 336-sı isə bürüncdür. Bu medallardan 46-sı (12 qızıl, 16 gümüş, 18 bürünc) dünya çempionatlarında, 93-ü (31 qızıl, 22 gümüş, 40 bürünc) Avropa çempionatlarında, 23-ü (14 qızıl, 6 gümüş, 3 bürünc) V İslam Həmrəyliyi Oyunlarında, 5-i (4 qızıl,1 gümüş) isə IV Dünya Köçəri Oyunlarında əldə olunub.Avqust ayında Türkiyənin Konya şəhərində
keçirilən və 54 ölkədən 4 mindən çox atletin idmanın 24 növü üzrə mübarizə apardığı
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 99 medal qazanıblar ki, onlardan
da 23-ü “Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur. Bu medallardan
12-si qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi sərbəst güləş), Eldəniz
Əzizli, Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və Balabəy Ağayev
(cüdo) sahib olublar. Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov
(hamısı yunan-Roma güləşi), Nəriman Mirzəyev, Könül Əliyeva (hər ikisi
cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) gümüş, Telman Vəliyev (cüdo), Səbinə
Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov (kikboksinq) isə bürünc medala
layiq görülüblər.Əldə olunan medallardan doqquzunu isə idmançılarımız komanda yarışlarında
qazanıblar.Oktyabrda Türkiyənin Bursa vilayətinin
İznik rayonunda “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında keçirilən
IV Dünya Köçəri Oyunlarında “Neftçi İdman Klubu”nun Azərbaycan
komandasının heyətində yer alan təmsilçiləri inamla mübarizə aparıblar və 5 (4
qızıl, 1 gümüş) medal əldə ediblər. 102 ölkədən 3 mindən çox idmançının
medallar uğrunda mübarizə apardığı turnirdə klubumuzun yetirmələrindən Camal
Feyziyev koreş güləşi yarışında mutləq cəkidə qızıl medala yiyələnib. Əbulfəz Nəsirov
(70 kq) pəhləvan güləşi, Emil Həsənov (80 kq) Qazax güləşi, Aslan Mirzəyev (+90
kq) isə aba güləşi yarışında eyni uğuru təkrarlayıb. Digər təmsilçimiz Ceyhun
Hüseynov (99 kq) isə aba güləşi yarışında gümüş medala layiq görülüb.Yola saldığımız ildə ən böyük
uğura yenə də klubumuzun güləşçiləri və cüdoçuları imza atıblar. Yuxarıda bu
idman növlərində təmsilçilərimizin V İslam Həmrəyliyi Oyunları və IV Dünya Köçəri
Oyunlarındakı nailiyyətlərini qeyd etdik. Onların 2022-ci il ərzində bəzi mötəbər
yarışlarda əldə etdikləri uğurlardan bir neçəsinə də nəzər yetirək.Mart ayında Bolqarıstanın Plovdiv
şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında “Neftçi
İdman Klubu”nun yetirmələri uğurla çıxış edərək 3 medala sahib olublar. Yunan-Roma
güləşçilərimizdən Xasay Həsənli (77 kq) qızıl, Sərxan Məmmədov (130 kq) isə
bürünc medala yiyələnib. Sərbəst güləşçimiz İslam İlyasov (97 kq) isə qitə
çempionatının qalibi olub.Elə həmin ay Macarıstanın paytaxtı
Budapeştdə startı verilmiş güləş üzrə Avropa çempionatında klubumuzun Azərbaycan
millisinin heyətində yer alan güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək
nüfuzlu yarışın 7 medalına (1 qızıl, 2 gümüş, 4 bürünc) sahib olublar. Sərbəst
güləşçilərimizdən turnirin reytinq favoriti olan, üçqat Avropa və üçqat dünya
çempionu Hacı Əliyev (65 kq) gümüş, Turan Bayramov (74 kq) isəbürünc
medal qazanıb. Yunan-Roma güləşçiləri arasında Eldəniz Əzizli (55 kq) qızıl, Taleh
Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Ülvü Qənizadə (72 kq) və Sənan
Süleymanov (77 kq) isə bürünc medal əldə ediblər.İyunda Rumıniyanın paytaxtı
Buxarestdə on yeddi yaşadək güləşçilər arasında təşkil olunan Avropa
birinciliyində “Neftçi İdman Klubu”nun yetirmələri əzmlə mübarizə apararaq
4 medala (2 qızıl, 1 gümüş, 1 bürünc) sahib olublar. Güləşçilərimizdən İlyas
İsayev (65 kq) və Yusif Dursunov (110 kq) bütün qarşılaşmalardan qalib
ayrılaraq Avropa çempionu adını qazanıblar. Yalnız final görüşündə məğlubiyyət
acısı yaşayan Ağa Qasımov (60 kq) gümüş medala layiq görülüb. Yetmiş bir
kiloqram çəkidə çıxış edən Ağanəzər Novruzov isə nüfuzlu yarışı üçüncü yerdə
başa vurub.İyunun axırı, iyulun əvvəlində İtaliyanın
paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa birinciliyində yunan-Roma güləşçilərimizdən
Nihad Quluzadə (55 kq) qızıl, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67
kq) isə bürünc medala sahib olublar. Sərbəst güləşçi Sabir Cəfərov (70 kq) isə qitə
birinciliyinin gümüş medalına layiq görülüb.İyulda Xorvatiyanın paytaxtı
Zaqrebdə 15 yaşadək güləşçilər arasında təşkil olunan Avropa birinciliyində “Neftçi
İdman Klubu”nun yığmamızın heyətində təmsil olunan yunan-Roma güləşçisi Cavad Məmmədov
mükafata layiq görülüb. Altmış iki kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız
mötəbər yarışın bürünc medalına sahib olub.Elə həmin ay İtaliyanın paytaxtı
Romada güləş üzrə U-17 dünya birinciliyində klubumuzun Azərbaycan millisinin
heyətində yer alan sərbəst güləşçisi
İlyas İsayev (65 kq) böyük uğura imza atıb. O, inamla mübarizə apararaq bütün rəqiblərinə
qalib gəlib və dünya çempionu titulunu qazanıb. Ağanəzər Novruzov (71 kq) isə
mundialın bürünc medalına yiyələnib.Avqustda Bolqarıstanın paytaxtı
Sofiyada keçirilən iyirmi yaşadək güləşçilər (U-20) arasında dünya
birinciliyində də təmsilçilərimiz yüksək nailiyyət əldə ediblər. Belə ki,
yunan-Roma güləşçilərimizdən 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad
Quluzadə və Kənan Abdullazadə (67 kq) bütün görüşləri qələbə ilə başa vuraraq
dünya çempionu tituluna sahib olublar. Nihat Məmmədli (60 kq) isə bürünc
medal qazanıb. Sərbəst güləşçimiz Zirəddin Bayramov (65 kq) isə dünya
birinciliyinin gümüş medalına layiq görülüb.Sentyabr ayında “Neftçi İdman
Klubu”nun təmsilçisi Fərid Cabbarov Rumıniyanın Konstantsa şəhərində təşkil
olunan çimərlik güləşi üzrə U-20 dünya birinciliyində uğurla çıxış edib. Doxsan
kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək
dünya çempionu adını qazanıb.Həmin ay Özbəkistanın Nəmənqan şəhərində
sərbəst və klassik stildə keçirilən kəmər güləşi üzrə dünya cempionatında
klubun təmsilçisi Camal Feyziyev (+100 kq) iki medala yiyələnib. İdmançımız həm
klassik, həm də sərbəst stildə bürünc medallara sahib olub.Yunan-Roma güləşi üzrə Azərbaycan
millisi sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya
çempionatında böyük uğura imza atıb. Belə ki, mundialda 9 idmançı ilə təmsil
olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub. Qeyd edək
ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72
kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev
(97 kq) isə bürünc medal qazanıblar. Qürurverici haldır ki, dünya çempionatında
mükafata layiq görülmüş bu beş pəhləvanın hamısı “Neftçi İdman Klubu”nun təmsilçiləridi.Oktyabr ayında İspaniyanın
Pontevedra şəhərində iyirmi üç yaşadək (U-23) güləşçilər arasında keçirilən
dünya çempionatında Azərbaycan millisinin heyətində təmsil olunan güləşçilərimiz
mundialın 3 medalına (2 gümüş, 1 bürünc) sahib olublar. Yunan-Roma güləşçilərimizdən
Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) mötəbər yarışın gümüş
medalını qazanıblar. Sərbəst güləşçilərimizdən isə 97 kiloqram çəki dərəcəsində
mübarizə aparan İslam İlyasov dünya çempionatının bürünc medalına layiq
görülüb.Nəhayət, dekabr ayında Bakı İdman
Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında
da pəhləvanlarımız uğurlu çıxışları ilə yadda qalıblar. “Neftçi İdman
Klubu”nun yunan-Roma güləşçiləri yarışda əzmlə mübarizə apararaq 17 medal (2
qızıl, 7 gümüş, 8 bürünc) qazanıblar. Qeyd edək ki, “Neftçi İdman Klubu”
ümumkomanda hesabında yarışın qalibi olub. Bu, klubumuzun yunan-Roma güləşçilərinin
1997-ci ildən indiyədək böyüklər arasında 23-cü çempionluğudur. Sərbəst güləşçilərimiz
də bu uğuru davam etdirərək yarışda 12 medal (6 qızıl, 2 gümüş, 4 bürünc)
qazanıblar və komanda hesabında birinci yeri tutublar.Bu il “Neftçi İdman
Klubu”nun cüdoçuları da uğurlu çıxışlarını davam etdiriblər. Aprel ayında Bolqarıstanın
paytaxtı Sofiyada startı verilmiş cüdo üzrə Avropa çempionatında klubumuzun
yığma komandanın heyətində yer alan təmsilçiləri
böyük əzmkarlıq nümayiş etdirərək 1 qızıl və 1 bürünc medala sahib olublar.
Qırx ölkədən 300-dən çox idmançının qatıldığı qitə çempionatında Hidayət Heydərov
(73 kq) karyerasında ikinci dəfə Avropa çempionu olub. Eyni çəki dərəcəsində
çıxış edən Rüstəm Orucov və Məmmədəli Mehdiyev(90 kq) isə nüfuzlu yarışın
bürünc medalına layiq görülüblər.İyunda Xorvatiyanın Poreç şəhərində
keçirilən yeniyetmə cüdoçuların Avropa birinciliyində klubun təmsilçisi Fidan
Əlizadə mükafata layiq görülüb. Qızlar arasında 57 kiloqram çəki dərəcəsində
mübarizə aparan idmançımız bütün görüşləri qələbə ilə başa vuraraq Avropa
çempionu olub. Digər xanım idmançımız Aydan Vəliyeva (48 kq) isə gümüş medala
sahib olub.Cüdoçularımız iyul ayında Slovakiyanın
Banska Bistritsa şəhərində təşkil olunan Avropa Yeniyetmələrinin XVI Yay
Olimpiya Festivalında (EYOF) 5 medala (1 qızıl, 3 gümüş, 1 bürünc) yiyələniblər.
Təmsilçilərimizdən Fidan Əlizadə (57 kq) qızıl, Nurlan Kərimli (60 kq), İsmayıl
Zamanov (81 kq) və Könül Əliyeva (48 kq) gümüş medala layiq görülüblər.
Klubumuzun digər yetirməsi Aydan Vəliyeva (52 kq) isə nüfuzlu turniri üçüncü
pillədə başa vurub.”Neftçi İdman Klubu”nun
cüdoçusu Aydan Vəliyeva avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda
keçirilən yeniyetmələr arasında dünya birinciliyində inamla çıxış edərək
mükafatçılar arasında yer alıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə
aparan xanım idmançımız dünya birinciliyinin bürünc medalına sahib olub.Cüdoçumuz Vüqar Talıbov (90 kq)
sentyabr ayında Çexiyanın paytaxtı Praqada gənclər arasında təşkil olunan Avropa
birinciliyində qızıl medal qazanıb. Digər idmançımız İsmayıl Zamanov isə
eyni çəkidə bürünc medala layiq görülüb.Oktyabrda Özbəkistanın paytaxtı
Daşkənddə böyüklər arasında keçirilən cüdo üzrə dünya çempionatında “Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan iki cüdoçusu
əzm nümayiş etdirərək fəxri kürsüdə yer alıb. Səksən iki ölkədən 572 idmançının
qalib adı uğrunda mübarizə apardığı mundialda Hidayət Heydərov (73 kq) və Zelim
Kotsoyev (100 kq) bürünc medala sahib olublar.Elə həmin ay Bosniya və
Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan U-23 Avropa çempionatını
cüdoçularımız iki gümüş medalla başa vurublar. Bu mükafatlara 60 kiloqram çəki
dərəcəsində yer alanKənan İsmayılovvə Könül Əliyeva (48
kq)layiq görülüblər.Dekabr ayında kişilər və qadınlar
arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatında “Neftçi İdman
Klubu”nun təmsilçiləri 17 medala (8 qızıl, 4 gümüş, 5 bürünc) sahib olublar.Qeyd edək ki, 68 klub, cəmiyyət və idman təşkilatından 363 cüdoçunun (285 kişi, 78 qadın) çempionluq uğrunda
mübarizə apardığı yarışda “Neftçi İdman Klubu”nun cüdoçuları həm kişilər,
həm qadınlar arasında, eləcə də ümumkomanda hesabında birinci yeri tutublar.Bundan əlavə, cüdoçularımız il ərzində
müxtəlif ölkələrdə təşkil olunmuş “Böyük dəbilqə” və Qran-pri beynəlxalq
turnirlərində də uğurla çıxış edərək ölkəmizə medallarla dönüblər.Yanvar ayında “Neftçi İdman
Klubu”nun güllə atıcısı Ruslan Lunyov beynəlxalq Qran-pri yarışlarında böyük
uğura imza atıb. Təmsilçimiz Sloveniyanın Ruşe şəhərində keçirilən nüfuzlu
turnirdə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında qızıl medala sahib
olub. Cəmi dörd gün sonra isə Xorvatiyanın Osijek şəhərində təşkil olunan
Qran-pri yarışında idmançımız eyni növdə gümüş medal qazanıb.Elə həmin ay “Neftçi İdman
Klubu”nun atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərindətəşkil olunan
“World Indoor Tour” (Gold Level) turnirində gümüş medala sahib olub.
Üçtəkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə göstərərək
bu uğura nail olub. İyunda Qırğızıstanın Bişkek şəhərində atletika üzrə keçirilən
beynəlxalq turnirdə isə Nazim Babayev uzunluğa tullanma yarışında 7,69 metr nəticə
göstərərək qızıl medala yiyələnib. Atletimiz üçtəkanla tullanma yarışında
da 16,24 metr nəticə ilə eyni uğuru təkrarlayıb və yenidən fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Həmin ay Nazim Babayev Qazaxıstanın Almatı şəhərində
Dünya Atletikası Kontinental Turu çərçivəsində keçirilən beynəlxalq
turnirdə üçtəkanla tullanma yarışında 17,74 metr nəticə göstərərək gümüş
medal qazanıb.”Neftçi İdman Klubu”nun
şahmatçısı Eltac Səfərli fevralda onlayn “Titled Tuesday Blitz” turnirində
mübarizə aparıb. Yarışda uğurla çıxış edən təmsilçimiz 11 turdan 9,5 xal
toplayıb. Şahmatçımız bu nəticə ilə ikinci pillədə qərar tutub. Təmsilçimiz may
ayında İtaliyada keçirilən beynəlxalq şahmat festivalında isə üçüncü yeri tutub.
Eltac Səfərli noyabrda Almaniyada təşkil olunan beynəlxalq turnirin qalibi
adını qazanıb. Qrossmeysterimiz 188 şahmatçının qatıldığı 7 turdan ibarət
yarışda 6,5 xal toplayaraq bu uğura nail olub.Bundan əlavə, klubumuzun yetirmələri
müxtəlif idman növlərində də il ərzində dünya, Avropa çempionat və birinciliklərində,
eləcə də digər beynəlxalq turnirlərdə əzmkarlıq nümayiş etdirərək yüksək
nailiyyətlər qazanıblar.Onu da əlavə edək ki, bugünlərdə Gənclər
və İdman Nazirliyinin 2022-ci ilin idman yekunlarına həsr olunmuş “İlin
idman yekunları” adlı tədbirində üç mərhələli sorğu əsasında müəyyənləşmiş
müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.”Neftçi İdman Klubu”nun yunan-Roma
güləşçisi Eldəniz Əzizli sorğunun yekun nəticələrinə əsasən, “İlin ən
yaxçı kişi idmançısı” nominasiyasının qalibi olub. Cüdoçumuz Hidayət Heydərov
isə bu nominasiya üzrə üçüncü yeri tutub.2022-ci il təkmübarizlik növləri
ilə yanaşı, kollektiv oyun növləri üzrə də uğurlu olub. Yüksək Liqada çıxış edən
kişilərdən ibarət voleybol komandamız sonuncu Azərbaycan çempionatında gümüş
medal qazanıb. Komandamız çimərlik voleybolu üzrə ölkə çempionatında da eyni
uğuru təkrarlayaraq ikinci olub. Bundan əlavə, voleybolçularımız gərgin mübarizə
şəraitində keçən “Zəfər kuboku”nun qalibi adını qazanıblar.”Neftçi İdman Klubu” futzal
komandası Yüksək Liqada 2021/2022-ci il mövsümünün bürünc medalına layiq görülüb, Azərbaycan
kubokunun isə qalibi olub.Futbol üzrə Azərbaycan I
Divizionunda çıxış edən “Qaradağ Lökbatan” komandası da 2021/2022-ci
il mövsümünü uğurla başa vurub və I Divizionun çempionu titulunu qazanıb.”Neftçi İdman Klubu” uşaq
futbolunun inkişafına da xüsusi önəm verir. Klub tərəfindən daim seleksiya
xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək
müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi
İdman Klubu”nda 15 məşqçinin rəhbərliyi altında 250 uşaq və yeniyetmə futbolun
sirlərini öyrənir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı
ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda təmsil olunurlar.Sadaladığımız bu uğurlar il ərzində
klubun qazandığı çoxsaylı nailiyyətlərin cüzi bir hissəsidir.Əldə etdiyi yüksək nailiyyətlər
sayəsində “Neftçi İdman Klubu” Gənclər və İdman Nazirliyi tərəfindən
2007-2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir
neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb.Təbii
ki, bütün bu yüksək nəticə və göstəriciləri əldə etmək SOCAR rəhbərliyinin, şəxsən
Rövşən Nəcəfin idmana göstərdiyi xüsusi diqqət və qayğının sayəsində mümkün
olmuşdur. Belə ki, “Neftçi İdman Klubu”nun idman qurğuları əsaslı və cari təmir
olunmuş, ən müasir idman inventar və avadanlıqları ilə təzhiz edilmiş, idmançı
və məşqçilər müxtəlif beynəlxalq yarışlara, təlim-məşq toplanışı və seminarlara
ezam olunmuşlar. Bir sözlə, idmançılarımız üçün hər cür şərait yaradılmışdır və
tətii ki, uğura aparan yolun sirlərini də elə burada axtarmaq lazımdır.