İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən güləş üzrə U-20 Avropa  birinciliyinə yekun vurulub.Yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun daha iki sərbəst güləşçisi mükafatçılar arasında yer alıb.  Pəhləvanlarımızdan Ceyhun Allahverdiyev (61 kq) macarıstanlı Joltan Mişeyə (11:1), bolqarıstanlı Denis Naimə (10:0) və ispaniyalı Mark Alvaresə (11:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:0 hesablı qələbə qazanan idmançımız  Avropa çempionu olub.Mübarizəyə dörddəbir finaldan qoşulan Yusif Dursunov (125 kq) da finala qədər irəliləyib. Bu yolda o, finlandiyalı Matias Katayanı (10:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Təmsilçimiz  yarımfinalda  ukraynalı Vladimir Koçanovdan güclü olub – 4:0. Yusif Dursunov finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gəlib. Rəqibinə 1:8 hesabı ilə məğlub olan güləşçimiz qitə birinciliyinin gümüş medalına sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçilərindən  Əsmər Cankurtaran (50 kq) və Ruzanna Məmmədova (55 kq) bürünc, yunan-Roma güləşçilərindən Elmir Əliyev (55 kq) qızıl, Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (63 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.