Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.Sentyabrın 21-də yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan yunan-Roma güləşçilərindən üçü böyük əzmkarlıq nümayiş etdirərək mundialın medallarına sahib olublar.Pəhləvanlarımızdan çempionata səkkizdəbir finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişiyə 3:1 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Marlan Mukaşyov üzərində inamlı qələbə qazanıb – 6:0. Yarımfinalda ötən il Bakıda keçirilmiş dünya kubokunda məğlub etdiyi iranlı Puya Dad Marzla qarşılaşan millinin kapitanı rəqibini 3:2 hesabıyla üstələyərək üçüncü dəfə dünya çempionatının finalına yüksəlib. Eldəniz Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşıb. O, rəqibinə 13:4 hesabı ilə qalib gəlib və üçüncü dəfə dünya çempionu olub. Qeyd edək ki, Eldəniz Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.Sənan Süleymanov (77 kq) ilk mərhələdə finlandiyalı Conni Sarkkinendən güclü olub – 5:1. Təmsilçimiz onaltıdabir finalda amerikalı Kamal Beyə tam üstünlüklə (8:0) qalib gəlib. O, daha sonra moldovalı Aleksandrin Qutuya gücünü göstərib – 3:1. İdmançımız dörddəbir finalda qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırıb – 5:1. Sənan Süleymanov yarımfinalda ermənistanlı Malxas Amoyanla qarşılaşıb. Prinsipial görüşdə 5:0 hesablı inamlı qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, həm də 77 kiloqramda ölkəmizə Olimpiya lisenziyası qazandırıb. Sənan Süleymanov finalda olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudovla (Qırğızıstan) üz-üzə gəlib. Rəqibinə məğlub olan güləşçimiz mundialın gümüş medalına layiq görülüb.Klubumuzun digər təmsilçisi Rafiq Hüseynov (82 kq) da mübarizəyə səkkizdəbir finaldan start verib və macarıstanlı Erik Şilvassiyə minimal fərqlə (4:3) qalib gəlib. Təcrübəli pəhləvanımız dörddəbir finalda əsl xarakter nümayiş etdirib. Rusiyalı Aues Qonibovla görüşdə 0:5 hesabıyla geridə olsa da, ikinci hissədə inanılmaz geridönüş edən titullu güləşçimiz 10:5 hesablı qələbəyə sevinib. Yarımfinalda türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakla görüş gərgin mübarizə şəraitində keçib. Rafiq Hüseynov fasiləyə 0:5 hesabıyla geridə yollanıb. Ancaq o, növbəti dəfə əzmkar güləşçi olduğunu isbatlayıb. Hesabı bərabərləşdirən (5:5) təmsilçimiz sonuncu xal prinsipinə əsasən üçüncü dəfə dünya çempionatının finalına adını yazdırıb. Onun  finaldakı rəqibi iranlı Əlirza Mohmadipiani olub. Rəqibini 2:1 hesabı ilə məğlub edən Rafiq Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib. O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu nailiyyətə imza atıb.