Norveçin Fyorde şəhərində keçirilən ağırlıqqaldırma
üzrə Avropa çempionatı davam edir.Azərbaycan millisinin aktivinə ilk qızıl medalı
“Neftçi İdman Klubu”nun atleti Boyanka Kostova yazdırıb. 58 kq çəki dərəcəsində
körpücük üzərinə çıxan dünya çempionu birdənqaldırma hərəkətində ilk yanaşmanı
yerinə yetirməklə qızıl medalı təmin edib. Belə ki, öncə 95 kq ağırlığı ram
edən idmançımız ardınca hər cəhdində sifarişini 5 kq artırıb və bu hərəkəti 105
kq çəkinin öhdəsindən gəlməklə bitirib. Bununla da Kostova ən yaxın
izləyicisini 15 kq qabaqlayıb. Təkanla qaldırmada da təmsilçimiz aşkar favorit olduğunu
isbatlayıb. Öz çəkisində Avropa və dünya rekordlarının sahibi olan atletimiz
əvvəlcə 120 kq, ardınca isə130 kq ağırlığı başı üzərinə
qaldırıb. Üçüncü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyindən idmançımız ondan
imtina edib. Toplamda 235 kq (105 kq + 130 kq) nəticə göstərən Boyanka Kostova
üçüncü dəfə Avropa çempionluğunu qazanıb.Qeyd edək ki, ikinci yeri tutan İrina-Lasramioara
Lepsa (Rumıniya) atletimizdən 30 kq (88 kq + 117 kq) az qaldırıb.