Bu gün Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin üçüncü ildönümü – Zəfər Günü qeyd olunur.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Qeyd edək ki, Zəfər Günü 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilib. Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
“Neftçi” İdman Klubu adından xalqımızı Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Zəfərin mübarək, Azərbaycan!