Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güllə və stend atıcılığı üzrə ölkə kuboku sona yetib.

“Neftçi” İdman Klubunun yetirmələri yarışda uğurla çıxış ediblər. Güllə atıcılarımızdan Vladislav Kalmıkov kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (PTÇ-3) 569 xal toplayaraq üçüncü yeri tutub. İdmançımız eyni növdə gənclərin mübarizəsində də eyni xalı toplayıb və qızıl medala sahib olub. İmran Qarayev (566 xal) isə bürünc medala layiq görülüb. Qarışıq komanda yarışında (MİX, PTÇ-3) Vladislav Kalmıkov yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Elvin Astanov isə 50 metr məsafəyə açıq yarışda (KÇTÇ-4) 536 xalla qalib adını qazanıb.