• Avqust 9, 2025
  • Redactor Neftchi
  • 0

SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turnirinin açılış mərasimi keçirilib. Bakı Olimpiya Stadionunun örtülü meydançasında təşkil olunan tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçılarına turnir haqda geniş məlumat verilib.
Daha sonra Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov və “Neftçi” İdman Klubu İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edərək, dövlətimizin bədən tərbiyəsi və idmana göstərdiyi qayğıdan, məhz bunun sayəsində ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsindən, Azərbaycanın Avropada və dünyada bir idman ölkəsi kimi tanınmasından söhbət açıblar.
Ardınca natiqlər turnir iştirakçılarını qarşıdan gələn Neftçilər günü peşə bayramı münasibətilə təbrik ediblər və onlara yarışda uğurlar arzulayıblar.
Açılış mərasimi başa çatdıqdan sonra birinci turun oyunlarına start verilib.
Xatırladaq ki, yarışda 29 komanda 7 qrupda mübarizə aparacaq. Oyunlar hər həftənin şənbə və bazar günləri Bakı Olimpiya Stadionunun örtülü meydançalarında baş tutacaq. Turnir sentyabrın 21-dək davam edəcək.
Qeyd edək ki, yarışın maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən ilk günündə aşağıdakı nəticələr qeydə alınıb:
“Azneft” İstehsalat Birliyi – Sənaye Təhlükəsizlik İdarəsi – 18:1
Heydər Əliyev adına Neft Emalı Zavodu – SOCAR Baş Ofis – 2:2
Neft Kəmərləri İdarəsi – Gəmiqayırma Zavodu – 4:2
“Azəriqaz” İstehsalat Birliyi – “BOS Şelf” MMC – 3:1
SOCAR Upstream – “Neftqazelmitədqiqatlayihə” İnstitutu – 1:5
“SOCAR Polymer” Zavodu – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi -4:3
Nəriman Nərimanov adına NQÇİ – Geofizika və Geologiya İdarəsi – 3:1
“Neftqaztikinti” Tresti – Kompleks Qazma İşləri Tresti – 6:1