
SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubu, Sosial İnkişaf İdarəsi və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş və avqustun 9-da startı verilmiş SOCAR-2025 minifutbol turniri sona yaxınlaşır. Neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən və Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda bu gün yarımfinal mərhələsinin oyunları keçirilib.
Hər iki qarşılaşma maraqlı və gərgin mübarizə şəraitində keçib. “Balaxanı” Əməliyyat Şirkəti “Neftqaztikinti” Trestinin komandası ilə qarşılaşıb. Rəqibinə 5:1 hesabı ilə qalib gələn “Balaxanı” Əməliyyat Şirkəti finala vəsiqə qazanıb. “Azneft” İstehsalat Birliyinin kollektivi isə “SOCAR Polymer” Zavodunun komandasını 7:1 hesabı ilə məğlubiyyətə uğradıb və finala yüksəlib.
Beləliklə, sentyabrın 21-də keçiriləcək həlledici final qarşılaşmasında “Balaxanı” Əməliyyat Şirkəti və “Azneft” İstehsalat Birliyinin komandaları üz-üzə gələcək. “Neftqaztikinti” Tresti və “SOCAR Polymer” Zavodunun komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaq.

















