
“Neftçi” İdman Klubunun təmsilçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən paracüdo üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
Paralimpiyaçılarımızdan İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıb.
Səkkizqat Avropa çempionumuz İlham Zəkiyev 1/4 finalda moldovalı Oleg Cretulu, yarımfinalda türkiyəli Gökhan Biceri və finalda moldovalı İon Basocu ipponla məğlub edərək karyerasında doqquzuncu dəfə Avropa çempionu tituluna yiyələnib.
Dürsədəf Kərimova isə dairəvi sistem üzrə keçirilən yarışda ispaniyalı Maria Fernandez, gürcüstanlı İna Kaldani və böyük britaniyalı Kirsten Taylor üzərində ipponla qələbə qazanaraq Avropa çempionatının gümüş medalına layiq görülüb.


