
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək yarışın 17 medalına (3 qızıl, 7 gümüş, 7 bürünc) sahib olublar.
MDB Oyunlarında samboçularımız 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), güləşçilərimiz 7 (1 qızıl, 4 gümüş, 2 bürünc), boksçularımız 5 (1 qızıl, 4 bürünc) medala sahib olublar. Qılıncoynatma və güllə atıcılığı idman növlərinin hər birində isə 1 gümüş medal əldə edilib.
Xatırladaq ki, klubumuz turnirdə 7 idman növündə 20 idmançı ilə təmsil olunub.
Qeyd edək ki, III MDB Oyunlarına 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.
Onu da əlavə edək ki, Azərbaycan millisi III MDB Oyunlarını 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medalla ikinci pillədə başa vurub.