
Bu gün “ASCO Arenada” Bakının ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının açılış mərasimi keçirilib.
Tədbirin ardınca turnirə start verilib. Açılış oyununda Azərbaycan və Belçika komandaları üz-üzə gəlib. Adıçəkilən arenada təşkil olunan qarşılaşma bütün üzvləri “Neftçi” İdman Kulubunun təmsilçilərindən ibarət olan Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə sona yetib. Komandamızın qollarına Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev imza atıblar.
Xatırladaq ki, üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.














