Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda startı verilmiş VI İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunub və ümumilikdə İslamiadanı 59 medalla başa vurub. Bunlardan 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub.
Sevindirici haldır ki, Azərbaycanın əldə etdiyi bu uğurda “Neftçi” İdman Klubunun təmsilçiləri də böyük pay sahibi olublar. Belə ki, VI İslam Həmrəyliyi Oyunlarında 12 növdə 43 idmançı ilə təmsil olunan klubumuzun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışın 7-si qızıl, 6-sı gümüş və 8-i bürünc olmaqla, ümumilikdə 21 medalını qazanıblar.
