“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin (SOCAR-ın müəssisələri və birgə müəssisələrin) əməkdaşları arasında şahmat yarışı keçirilib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında reallaşan turnirdə 15 komandadan 33 iştirakçı (27 kişi, 6 qadın) qalib adı uğrunda mübarizə aparıb.
Qadınlar arasında keçirilən yarışda Nataliya Qauzer (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) turnirin qalibi olub. Gülər Təhməzova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) ikinci, Leyla İsgəndərli (Karbamid Zavodu) isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təmsilçisi Mübariz Rüstəmov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emil Əliyev (“SOCAR Polymer” MMC) ikinci, Nazim İsmayılov (Təhlükəsizlik İdarəsi) isə üçüncü yerə çıxıb.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.




























