Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçirib. Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində baş tutan yarışda paytaxt və müxtəlif bölgələrdən 70 klub və idman cəmiyyətini təmsil edən 554 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri turnirin 2 qızıl və 2 bürünc medalını qazanıblar.
Qızlar arasında təşkil olunan yarışda Lamiyə Rzayeva (33 kq) və Esmanur Azayeva (47 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionu olublar.
Oğlanların mübarizəsində isə Əhməd Mürvətov (33 kq) və Ümüd Şahbazov (37 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, “Neftçi” İdman Klubunun taekvondoçuları ümumkomanda hesabında üçüncü yeri tutublar.
