“Neftçi” İdman Klubunun təmsilçisi, paralimpiya çempionu İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb.
Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Avropanı təmsil edən 8 Olimpiya və paralimpiya çempionuna xüsusi mükafat təqdim edilib. Mükafatlandırma mərasimi Almaniyanın Münhen şəhərində keçirilən Avropa Çempionatı çərçivəsində baş tutub.
Mərasim çərçivəsində klubumuzun idmançısı, Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı İmaməddin Xəlilov da xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, İmaməddin Xəlilov (70 kq) son qitə çempionatında gümüş medala sahib olub.