Oktyabrın 2-də Yunanıstanın Saloniki şəhərində startı verilmiş kadetlər, yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi davam edir. Məşhur “PAOK Sports Arena” İdman Kompleksində təşkil olunan yarışda, çempionat tarixində rekord sayda – 40 ölkədən 713 idmançı 55 dəst medal uğrunda mübarizə aparır.
Azərbaycan millisinin heyətində yer alan “Neftçi” İdman Klubunun samboçuları inamla çıxış edərək mundialda iki medala yiyələniblər.Yeniyetmələr arasında keçirilən yarışda Elgün Şirəlizadə (79 kq) təsəlliverici görüşdə ermənistanlı Tiqran Xorozyanı, üçüncü yer uğrunda qarşılaşmada isə monqolustanlı Batmunx Bat-ulziyi məğlub edərək dünya birinciliyinin bürünc medalına sahib olub. Gənclərin mübarizəsində isə Tuncay Şamil (98 kq) finala qədər irəliləyib.
İdmançımız həlledici görüşdə rusiyalı Nikolay Ruzavinə məğlub olaraq mötəbər yarışın gümüş medalına layiq görülüb.


