Bu gün futbol üzrə Azərbaycan II Liqasında VII tura bir oyunla start verilib. Turun açılış matçında “Qaradağ Lökbatan” “Ağstafa Gəncləri” komandasının qonağı olub. Ağstafa şəhər stadionunda baş tutan qarşılaşma gərgin və maraqlı mübarizəyə səhnə olub. İlk hissə ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatsa da, ikinci yarıda Amit Quluzadənin rəhbərlik etdiyi kollektiv geridönüş etməyi bacarıb. Təmsilçimiz rəqibini öz meydanında 2:1 hesabı ilə məğlub edib.
“Qaradağ Lökbatan”ın heyətində İsa Zeynallı (64) və Tural Axverdiyev (79) fərqləniblər. “Ağstafa Gəncləri”nin yeganə qolunu isə oyunun startında Elçin Qasımov (1) vurub.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlinin liderliyinə yüksəlib.


