Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və Ali Sovetin 1991-ci il 30 avqust tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannaməsinə istinad olunaraq, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il ölkəmizdə müstəqilliyin bərpa edilməsinin 35-ci ili tamam olur. Ötən əsrin əvvəlində müstəqil respublika quran xalqımız, 1991-ci ildə bu tarixi varisliyi yenidən bərpa etdi. Azərbaycan xalqı artıq altı ildir ki, bu bayramı tamamilə fərqli bir ruhda – öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib xalq kimi qeyd edir.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib və elə həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Bu qanunla 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan olunub.
