Futbol üzrə Azərbaycan II Liqasında IX turun oyunları keçirilib. Turun mərkəzi qarşılaşmasında lider “Qaradağ Lökbatan” ən yaxın izləyicisi – Sabirabadı təmsil edən “Marafon”un qonağı olub.
“Marafon Arena”da baş tutan və ilk dəqiqələrdən qarşılıqlı hücumlarla müşayiət olunan qarşılaşma gərgin mübarizəyə səhnə olub. Maraqlı keçən matç Amit Quluzadənin baş məşqçisi olduğu kollektivin 1:0 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Görüşün taleyini həll edən yeganə qolu oyunun 71-ci dəqiqəsində Hüseyn Hüseynli rəqib qapısından keçirib.
Bu qələbə ilə xallarının sayını 24-ə çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlində liderliyini daha da möhkəmləndirib.
