Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci yarışı keçirilib. “Sərhədçi” İdman Mərkəzində baş tutan turnirdə 27 klub, cəmiyyət və idman təşkilatından 100-ə yaxın cüdoçu 7 çəki dərəcəsi üzrə mübarizə aparıb.
“Neftçi” İdman Klubunun cüdoçuları yarışı 6 medalla başa vurublar. Təmsilçilərimizdən Nəriman Mirzəyev (73 kq) və Nihad Şıxəlizadə (100 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq qızıl medala sahib olublar. Yalnız həlledici final görüşündə məğlub olan Məhərrəm Mirzəyev (60 kq) gümüş medala layiq görülüb. İbrahim Ağakişiyev, Şirin Cavadzadə (hər ikisi 90 kq) və Camal Feyziyev (+100 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.