“Neftçi” İdman Klubunun ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. 109 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız birdənqaldırma hərəkətində 176 kq ağırlığın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. Təmsilçimiz təkanlaqaldırma hərəkətində də eyni uğura imza atıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medala sahib olub. Dadaş Dadaşbəyli toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da qalib olub.
Qeyd edək ki, kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.