Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan kuboku keçirilib. Turnirdə şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayıb.
Kişilər arasında təşki olunan yarışda “Neftçi” İdman Klubunun yetirməsi Dadaş Dadaşbəyli (+109 kq) inamla çıxış edərək qızıl medal qazanıb.
Əlavə olaraq, Azərbaycan kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı müəyyənləşib. Kişilərdə bu ada atletimiz Dadaş Dadaşbəyli sahib çıxıb. O, mütləq qalib elan edilib.
Xatırladaq ki, Dadaş Dadaşbəyli bugünlərdə Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qızıl medalına yiyələnmişdi.
Qeyd edək ki, iki gün davam edən Azərbaycan kubokunun təşkilində məqsəd ağırlıqqaldırma idman növünün bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətləri və klublarında ağırlıqqaldırma idman növünün səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, texniki cəhətdən hazırlıqlı və müvafiq tələbləri yerinə yetirən idmançıların yığma komandalara seçilməsi, Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyənləşməsi olub.