
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən atletika üzrə Yay Azərbaycan çempionatına yekun vurulub.
AİA-nın stadionunda və AAF-ın atma növləri üzrə bazasında baş tutan yarışda milli üzvləri də daxil olmaqla paytaxt və respublikanın müxtəlif regionlarından olan 160-dan çox atlet bacarığını nümayiş etdirib. Turnir dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması, eləcə də komandalararası Avropa çempionatı və Balkan çempionatına seçim baxımından mühüm əhəmiyyət kəsb edirdi.
“Neftçi” İdman Klubunun təmsilçiləri çempionatda inamla mübarizə apararaq 7 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olublar.
Atletlərimizdən Nazim Babayev üçtəkanla tullanma (16,11 metr) və uzunluğa tullanma (7,49 metr) yarışlarının hər birində gümüş medal qazanıb. Lamiyə Vəliyeva 100 (12,11 saniyə) və 200 metr (24,96 saniyə) məsafəyə qaçışda finişə hamıdan tez çatıb. İsmayıl Əliyev nüvəitələmə (17 metr), lövhə atma (47,51 metr) və çəkic atma (41,06 metr) növlərinin hər birində ölkə çempionu olub. İradə Əliyeva nizə atmada (42,48 metr) qızıl, nüvəitələmə (10,27 metr) və çəkic atma (22,26 metr) yarışlarında isə gümüş medala layiq görülüb. Orxan Qasımov nizə atma növündə 54, 06 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Qəhrəmanov isə eyni növdə (48,36 metr) ikinci yeri tutub. Digər atletimiz Bülbül Babayev isə hündürlüyə tullanma yarışında 1,65 metr nəticə ilə bürünc medala sahib olub.








