Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər qış çempionatı keçirilib. İştirakçılar nüvəitələmə, üçtəkanla tullanma, uzunluğa və hündürlüyə tullanma, eləcə də müxtəlif məsafələrə qaçış üzrə yarışıblar.”Neftçi” İdman Klubunun atletlərindən Nazim Babayev uzunluğa tullanma yarışında 7,61 metr nəticə göstərərək qızıl medala sahib olub. Lamiyə Vəliyeva 60 metr məsafəyə qaçışda (7,65 saniyə) eyni uğura imza atıb və çempion olub. Elmir Cəbrayılov 400 metr məsafənin qətində 51,76 saniyə nəticə ilə gümüş medala layiq görülüb. Aysel Rəhimli isə nüvəitələmə növündə (8,01 metr) üçüncü pillədə qərarlaşıb.