Respublika Olimpiya Mərkəzində atletika üzrə 40-cı qış Azərbaycan çempionatı keçirilib. Yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet medallar uğrunda mübarizə aparıb. İdmançılar turnirdə üçtəkanla tullanma, nüvəitələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr və 3000 metr məsafəyə qaçış, eləcə də 4×200 metr məsafəyə qarışıq estafet qaçışı üzrə yarışıblar.
“Neftçi” İdman Klubunun atletləri də yarışda iştirak ediblər və yüksək nailiyyət qazanıblar. Təmsilçilərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7,70 metr nəticə göstərərək qızıl medala yiyələnib. Lamiyə Vəliyeva 60 metr (7,76 saniyə), 200 metr (25,15 saniyə) və 400 metr (57,70 saniyə) məsafəyə qaçışda liderliyə yüksəlib. Elmir Cəbrayılov 400 metr məsafənin qətində (51,86 saniyə) gümüş medala layiq görülüb. Orxan Aslanov uzunluğa tullanma (7,08 metr), Aysel Rəhimli isə nüvəitələmə (7,70 metr) yarışında fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, çempionat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edirdi.