“Neftçi” İdman Klubunun atletləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında böyük uğura imza atıblar. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə uzunluğa tullanma növündə Nazim Babayev 7.56 metr nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Orxan Aslanov isə üçüncü yeri tutub.
Qadınlar arasında 100 metr məsafəyə qaçışda klubumuzun xanım atleti Lamiyə Vəliyeva qızıl medala yiyələnib.
Qeyd edək ki, yarışda Türkiyənin 36 şəhərindən olan atletlərlə yanaşı, Azərbaycan, Polşa, Böyük Britaniya, Özbəkistan və Moldova idmançıları mübarizə aparır.