Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə qapalı məkanda keçirilən atletika üzrə 42-ci Azərbaycan çempionatına yekun vurulub. Atletika Mərkəzində reallaşan yarışda Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet medallar uğrunda mübarizə aparıb. Çempionatın proqramına üçtəkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvəitələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4×200 m estafet qaçış növləri daxil idi.
“Neftçi” İdman Klubunun atletlərindən Lamiyə Vəliyeva 60 və 200 metr məsafələrə qaçışda uğurlu çıxışı ilə yadda qalıb və qızıl medal qazanıb. Bülbül Babayev hündürlüyə tullanmada, İsmayıl Əliyev isə nüvəitələmə yarışında eyni uğura imza ataraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançımız Raul Nəsibov isə üçtəkanla tullanma növündə bürünc medala layiq görülüb.



