Xəbər verdiyimiz kimi, Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatına yekun vurulub.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışda “Neftçi” İdman Klubunun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək mundialın 13 medalına (8 qızıl, 1 gümüş, 4 bürünc) sahib olublar.
Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq) və İbrahim Yusubov (92 kq) bütün rəqiblərini məğlubiyyətə uğradıblar və dünya çempionu tituluna yiyələniblər. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) isə bürünc medala layiq görülüb.
Qadın güləşçilər arasında Ruzanna Məmmədova (59 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionatının qızıl medalını qazanıb. Birgül Soltanova (62 kq) isə yarışın bürünc mükafatına sahib olub.
Yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (60 kq) və Ülvü Qənizadə (72 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Sadıxlı (55 kq) ilə Qurban Qurbanov (77 kq) isə nüfuzlu yarışı üçüncü pillədə başa vurublar.