
Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə yekun vurulub. Bakı Boks Mərkəzində təşkil olunan yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə oğlanların mübarizəsində 14, qızlarda isə 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışda inamla çıxış edərək 5 medal qazanıblar. Yeniyetmə boksçularımızdan Əli Ruşanov (44 kq), Səftər Məmmədzadə (80+kq) və Aylin Nazarova (46 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olublar. Əli Camalzadə (52 kq) və Səma Hüseynova (57 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.