Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Boks Mərkəzində keçirilən yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb.Altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.” Neftci” İdman Klubunun təmsilçiləri uğurla çıxış edərək çempionatın 13 medalını (5 qızıl, 4 gümüş, 4 bürünc) qazanıblar və 55 xalla ümumkomanda hesabında birinci yeri tutublar.Boksçularımızdan Həsən Məlikov (48 kq), Şamil Əsgərov (57 kq), Maqsud Xasmetov (60 kq), Nəbi İsgəndərov (67 kq) və Rauf Rəhimov (92 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Tural Sarıyev (48 kq), Malik Həsənov (63,5 kq), Mirşərif Kazımzadə (71 kq) və Eldar Quliyev (86 kq) gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Fərid Sadıqov (60 kq), Elnur Abdullazadə (71 kq), Elnur Süleymanov (75 kq) və Tural Hüseynov (86 kq) isə yarışı üçüncü yerdə başa vurublar.