
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında yarımfinal mərhələsi sona yetib. Yevlax Olimpiya İdman Kompleksində keçirilən turnirdə bu gün oğlan idmançılar final uğrunda mübarizə aparıblar.
“Neftçi” İdman Klubunun boksçusu Səfdər Məmmədzadə (+80 kq) həlledici mərhələyə vəsiqə qazanıb, 4 təmsilçimiz isə bürünc mükafata layiq görülüb.
Səfdər Məmmədzadə yarımfinalda Yerketanq Jarkinbeki (Qazaxıstan) 5:0 hesabı ilə məğlub edib. Avropa çempionumuz finalda özbəkistanlı Farxodjon Bahadırovla üz-üzə gələcək.
Digər boksçularımız – Aylin Nəzərova (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq) və İsmayıl Vəliyev (80 kq) isə MDB Oyunlarında bürünc medal əldə ediblər.
Xatırladaq ki, daha öncə samboçularımız MDB Oyunlarının 1 qızıl, 1 gümüş və 1 bürünc medalını qazanıblar. Klubumuz turnirdə 7 idman növündə 20 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.