• May 29, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyini 2 qızıl və 1 bürünc medalla başa vurublar.
B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçiləri – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabı ilə qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Rəşid Nazarov fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabı ilə üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün güləşçimiz hesabına texniki qələbə də yazdırıb. O, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz yarımfinalda komanda yoldaşı Ayxan Quliyevlə üz-üzə gəlib. İdmançımız bu mübarizədən də qalib ayrılıb – 4:1. Ruslan Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.
Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. O, qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panayotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Nihad Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Güləşçimiz finalda yenidən Nuradin Mustafayevlə qarşılaşıb və rəqibə əvəz çıxmağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Nihad Süleymanlı qızıl medala sahib olub.