“Neftçi” İdman Klubunun təmsilçiləri Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində uğurla çıxış ediblər. İdmançılarımızdan Vüsal Əliyev (80 kq) turnirin qızıl medalını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Dünya Seriyasının beş mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, həmçinin dünya çempionları və mükafatçıları da müəyyənləşib. Beləliklə, turnirdəki uğurlu çıxışı sayəsində Vüsal Əliyev karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Rübail İbrahimli və Sahib Dadaşov isə dünya üçüncüsü olublar.