• Oktyabr 27, 2026
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində on yeddi yaşadək (U-17) cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib. Turnirdə 58 klub və idman cəmiyyətini təmsil edən 248 idmançı (197 oğlan, 51 qız) mübarizə aparıb.
Ümumilikdə 16 çəki dərəcəsində mükafatçıların müəyyənləşdiyi yarışda “Neftçi” İdman Klubunun yetirmələri böyük uğura imza ataraq 6 medal qazanıblar. Cüdoçularımızdan Səma Vəlizadə (63 kq) və Nihad Məlikli (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həsən İbadov (66 kq) gümüş, Zəhra İbadova (+70 kq), Emil Murvələdov (55 kq) və Kamran Hacıyev (+90 kq) isə bürünc medala sahib olublar.
Məlumat üçün bildirək ki, ne-vaza cüdoda yerüstü (parter) mübarizə texnikalarının toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə bacarıqlarını inkişaf etdirir, qarşılaşma zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmalarına şərait yaradır.